Repressiyaya məruz qalan qadın rəssamımız
Qeysər Kaşıyevanın həyat hekayəti
Qeysər Kaşıyeva
professional rəssamlıq təhsili
alan ilk azərbaycanlı
qadındır. O, sovet
hakimiyyəti illərində
Əli Bayramov adına qadınlar
klubunda çalışmış,
“Şərq qadını”
curnalına illüstrasiyalar
çəkmişdir. Rəsm albomları
Azərbaycan Dövlət
Incəsənət Muzeyində
saxlanılır. Qeysər Kaşıyeva
təsviri sənətin
rəngkarlıq və
qrafika sahəsində
fəaliyyət göstərmişdir.
Qeysər Kaşıyeva mədəni
mühiti çox zəngin olan Tiflis kimi şəhərdə doğulsa da, müsəlman qızlarının
təhsil almasının
yasaq edildiyi bir dövrdə o, peşəkar rəssamlıq
təhsili almış,
istedadı və qabiliyyətinə görə
Avropanın tanınmış
məşhur rəssamlarının
diqqətini çəkmiş,
bir-birindən gözəl
və maraqlı rəsm əsərləri
yaratmışdır. İlk dəfə
olaraq Tiflisdə bu azərbaycanlı qızının əsərləri
sərgidə nümayiş
olunmuşdu. Tanrı Qeysər
xanıma böyük
istedadla yanaşı,
gözəllik də bəxş etmişdi.
Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun
1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən
Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini
öyrənmiş, sonra
isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada
oxuduğu illərdən
onun rəssamlığa
həvəsi yaranmış,
eyni zamanda bədii
qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir.
O dövrdə Qafqazda ayrıca rəssamlıq məktəbi
olmasa da gimnaziyada oxuyan Qeysərin sorağı o zaman Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalının
karikaturaçı-rəssamı Oskar Şmerlinqə də gəlib çatmışdı.
Oskar Şmerlinq Qeysərin əl işlərinə baxaraq ona təhsilini davam etdirməyi məsləhət görmüşdür.
Həmin
vaxt Tiflisdə incəsənəti təbliğ
edən cəmiyyətin
nəzdində rəssamlıq
məktəbi fəaliyyət
göstərirdi və
burada məşhur rəssamlar bu sənətin sirlərini istedadlı uşaqlara öyrədirdilər.
Həmin cəmiyyətin sədri, rəssam Riçard Karloviç Zommer Oskar Şmerlinqin yaxın dostu idi və Şmerlinq
Qeysərin mükəmməl
təhsil almasını
ondan xahiş etmiş, beləliklə, Qeysər Kaşıyeva
1907-1908-ci illərdə burada
rəssamlığın sirlərini
öyrənmişdir.
Qeysər Kaşıyeva yaradıcılığının ilk dövründə Tiflisdə
qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi
mədəni tədbirlər
üçün afişa
və məramnamələr
tərtib edirdi.
Onun portret janrına həvəsi
daha böyük idi. Təhsil aldığı illərdə
portret janrında
da çəkdiyi əsərlər Tiflisdə
təşkil edilmiş
rəssamlıq sərgilərində
uğur qazanmışdı.
Uğursuz tale yazısı
Riçard Zommer Qeysərin
istedadını dəyərləndirmiş,
hətta ona təhsilini Moskvada davam etdirməyi məsləhət görmüşdür.
Lakin o dövrün şərtləri müsəlman
qızının yad bir şəhərdə oxumağa getməsinə imkan vermir və
buna görə də Qeysər Tiflisdə yaradılmış
Qadın Xeyriyyə Cəmiyyətinin keçirdiyi
mədəni tədbirlərdə
fəal iştirak etməklə kifayətlənir.
Artıq Qeysər xanımın şöhrəti
hər yana
yayılmış, onu
tez-tez müxtəlif tədbirlərə dəvət
edirdilər. Belə tədbirlərdə Qeysər şəhərin
tanınmış ziyalıları,
şairləri, jurnalistləri
ilə tez-tez görüşərdi.
Belə görüşlərin birində
Qeysər xanım polkovnik Şirin bəy Kəsəmənli
ilə tanış
olmuşdur. Şirin bəy Kəsəmənli
qazaxlı Çingiz bəyin oğlu idi. O, Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdir. Kiyevdə II
Konstantin Topçu Məktəbində
hərbi təhsilini davam etdirən Şirin bəy Kəsəmənli I Dünya
müharibəsində “Dikaya
diviziya”nın tərkibində
vuruşmuş, “İgidliyə
görə” medalı
və IV dərəcəli
“Müqəddəs Georgi”
ordeni ilə təltif olunmuşdu.
Şirin bəy Qeysər xanımla evlənmək istəsə də, onun atası buna razılıq verməmiş, “bəy oğlu tacir qızı ilə evlənə bilməz”, - demişdi. Lakin Şirin bəy
Qeysər xanımla ailə qurmuşdur. Şirin Kəsəmənli Azərbaycan
Xalq Cümhuriyyəti
elan olunduqdan sonra Milli Orduda
xidmətə başlamış
Gizirlər Məktəbinin
ilk azərbaycanlı rəisi
olmuşdur. 1919-cu il aprelin 8-də Şirin Kəsəmənli
Ikinci Bakı Piyada Alayının komandiri təyin edilmiş və şimal sərhədlərimizin
müdafiəsi üçün
yaradılmış Xaçmaz
dəstəsinə rəhbərlik
ona həvalə edilmişdir.
Onun ölümü haqqında məlumatlar da müəmmalıdır,
bir məlumatda ağır xəstəliyə
tutularaq vəfat etdiyi göstərilsə də, digər bir məlumatda ermənilər tərəfindən
öldürüldüyü yazılır.
Qeysər xanım bir yaşlı qızı Ləyiyə ilə tək qalmış, ərinin atası-anası belə onu qəbul etməmişdir. O, müəllimlik etməklə qızını
tərbiyə etməyə
çalışmış, çox sonralar isə rayonda hərbi komissar vəzifəsində çalışan
Zülfüqar bəy
Seyidbəyli ilə tanış olub, onunla ailə qurmuşdur. Zülfüqar Abbas bəy
oğlu Seyidbəyli
1892-ci ildə Şuşada
anadan olmuşdu.
İlk təhsilini də bu qədim şəhərdə
almış, Realnı
Məktəbdə oxumuş,
sonra hərbiçi kimi yetişmişdi.
Zülfüqar bəy Ləyiyəyə doğma
ata münasibəti göstərmiş, Qeysər
xanımla nigahdan bir qız övladı
da dünyaya gəlmişdir.
Uzaq sürgün yolları
Vəzifədən vəzifəyə yüksələn Zülfüqar
Seyidbəyli də
37-ci illərin ağır
repressiyalarına tuş
gəldi. 1937-ci ildə onu
“xalq düşməni”
adı ilə həbs edərək güllələdilər. Qeysər xanım da həbs
olunaraq sürgünə
göndərildi. Ömrünün ən gözəl illərini həbs düşərgəsində keçirən
Qeysər xanımın
arzuları ürəyində
qaldı. Onun övladları
qoca nənənin himayəsində qaldı,
əsərləri isə
yandırılaraq, dağıdıldı.
Qeysər xanım 1942-ci ilə
kimi sürgündə
min bir əziyyət çəkdi. Yalnız 1956-cı ildə bəraət alandan sonra qızlarını
başına yığaraq
öz sənəti ilə məşğul oldu.
Qeysər xanım o qədər vahimə və qorxu içində
yaşayıb ki, hər an ölümlə,
haqsızlıqla, namərdliklə
rastlaşa biləcəyini
unutmurmuş.
Qeysər Kaşıyeva
1907-1915 illərdə akvarel,
qara tuş, karandaş və kömürlə çoxlu
rəsm, portret və mənzərə çəkmişdir (“I.Qonçarovun
portreti”, 1909, “Azərbaycan
ziyalısı”, 1912, “Göl
sahili”, 1914, “Küpəgirən
qarı”, 1915).
O dövrün tanınmış rəssamları
sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan
Qeysər xanımın
yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə
zəngindir. Onun kömür, tuş, sulu və yağlı
boya ilə çəkdiyi əsərlərin
arasında “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü
qızı”, “Ovçu”,
“Yanğınsöndürən”, “Qoqolun portreti”, “Azərbaycan ziyalısı”,
“Küpəgirən qarı”,
“İ.Qonçarovun portreti”,
“Azərbaycan ziyalısı”,
“Göl sahili” və s. realizm ənənələrinə tapınan
əsərləri özünəməxsus
icra sənətkarlığı
ilə seçilir. O,
“Şərq qadını”
jurnalına (1923-1938-ci illərdə
Bakıda çap olunmuşdur) illüstrasiyalar
da çəkmişdir.
Qeysər Kaşıyevanın adı çoxuna bəlli olmasa da, onun qiymətli
rəsm əsərləri
təsviri incəsənətimizi
zənginləşdirən əsərlərdir. Qeysər xanım nəinki Azərbaycanda, eləcə
də Şərq dünyasında ilk peşəkar
qadın rəssam kimi adını tarixə əbədi həkk etdirmişdir.
Qeysər xanım çətin bir tale yaşasa da, ilkin olmağın ağrısını,
acısını çəksə
də, yaşadığı
şərəfli ömrü
ilə heç zaman yaddaşlardan silinməyəcək.
Otuzuncu illərdə ərinin “xalq düşməni” kimi güllələnməsindən sonra özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur.
Qeysər xanımın bizim
dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan
Milli Incəsənət
Muzeyində saxlanılır.
Qeysər Kaşıyeva 1972-ci ildə Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 1 iyun.- S.14.